Аббас Гадим оглы Алыев









Отзывы

Об Аббасе Алыеве. “МИР АББАС АГДАБАНЛЫ – ИЗ РОДА МИСКИНА АБДАЛА»
 
DAĞLARIN HƏSRƏTİ

Təbiət yarananda elə yaranıb ki, hər şey sadədən mürəkkəbə, başlanğıcdan sona, azdan çoxa, mümkünsüzlükdən mümkünlüyə doğru hərəkətdədir. Bu hərəkət davam etdikcə ziddiyyətlər meydana gəlir və toqquşurlar. Toqquşan ziddiyyətlər köhnəlmiş, daha uyğun gəlməyən formanı rədd edir, nəticədə yeni məzmun və yeni bir forma tarix meydanına qədəm qoyur. Bax beləcə, kainatımız on üç milyard yeddi yüz milyon ildir ki, yaradanın qoyduğu təməl qanunlarla saat əqrəbi təki döyünür. Səhvsiz və nöqsansız!
Bəşəriyyətin vətəni olan yer kürəsində həmin dövr ərzində dağlar, dərələr, sərhəddi görünməyən okeanlar və dənizlər, zümzüməli bulaqlar və dəryalara can atan çaylar dünyaya göz açmışlar. Sıldırım qayalar da, quşqonmaz zirvələr də, dağlardan süzülən şəlalələr də həmin tarixi məqamların övladlarıdır.
Elə, ədəbiyyat və poeziya deyilən varlıq da həmin gözəllikləri, həmin heyrət və mümkünlükləri könüllərə köçürmək və xatirə saxlamaq üçün həyata doğulmuşdur.
Məsələ və maraq burasındadır ki, sızqa bulaqlardan göz açan sular dağ çaylarına, çaylar isə daima dəryalara tərəf baş alıb gedir. Mən təbiətdə olan bu möcüzələri bilavasitə ədəbiyyat, poeziya, şeiriyyət aləmində də duyur və görürəm. Minlərlə qələm sahibləri dağ çayları təki, ədəbiyyat deyilən okeana tərəf hərəkətdədirlər.
Bu duyğularla əlimdə Mir Abbas Ağdabanlının çapa hazırladığı “Dağların həsrəti” kitabını vərəqləyirəm. . .
Mir Abbas Alıyev özünün ömür böxçası barədə kitabının ilkin səhifəsində oxuculara məlumat verir. Ona görə də mən o barədə bir şey yazmaq niyyətində deyiləm. Mən onun yaradıcılığı və kitabın içindəki şeirlər barədə bir neçə kəlmə oxucularla fikir bölüşmək niyyətindəyəm.
Əvvəlcə onu deyim ki, Mir Abbas Qədim oğlu seyyid övladıdır və nəsli şəcərə cəhətdən 16-cı əsrin ən görkəmli dövlət xadimlərindən biri olan Miskin Abdalın nəslindəndir. Miskin Abdal nəsli ədəbiyyatımıza çox nəhəng şairlər, yazıçılar, alimlər və aşıq sənətkarlar vermişdir. Həmin sənət bahadırlarından şair Qurbanı, Miskinli Vəlini və Dədə Şəmşiri misal göstərmək kifayət edər.
Mir Abbas uzun müddətdir ki, Moskva şəhərində yaşayır. O, adi adamlar kimi, təkcə yaşamır, doğulduğu bu dünyanı məhəbbətlə, sevə-sevə, onu əhatə edən aləmləri dərindən dərk edə-edə həmin aləmlərdəki gözəllikləri dönmədən qələmə alır. O, poeziyanın, şeirin qucağında yaşayır. Dədə Şəmşirin ona öyrətdiyi yanar sazı sinəsinə çəkib həsrət və nisgilini ellərə danışır:

Bəxtəvərlər nə bilir, zülmə düşənlər nə çəkir?
Sinəsi qəmdə yanan, odda bişənlər nə çəkir.

Vətən eşqi ucadır, min belə taxt-taca dəyər,
Təxti-tac üstə bilin ki, ötüşənlər nə çəkir.

Mir Abbas sevgini, eşqi hər şeydən uca tutur və deyir ki, əhli-biqəmlər eşqin dəyərini, onun nə olduğunu necə duya bilərlər?

Bülbülün sevgisi də, eşqi də güldən ötəri,
Gül küsübsə ilahi, bil, küsüşənlər nə çəkir.

Əhli-biqəm nə duyar, eşqi Mir Abbas, nədir o,
Məhəbbət əhli bilər tək, sevişənlər nə çəkir.

Mir Abbas “Sınmaram” rədifli qoşmasında özünü zamanın qığılcımından, çınqısından od alan mübarizlərə bənzədir:

Sinəm altda bir sızıltı, köksüm altda atəş var,
Mən həqiqət yolçusuyam, həqiqətdən dönmərəm.
Çərxi-fələk gərdişində, üzü dönməz zamandan,
Çınqılanıb od almışam, tüstülənib sönmərəm.

Kitaba daxil edilən şeirləri oxuduqca dərk edirsən ki, onun müəllifi dünya görmüş yetgin və həssas bir insandır. Mir Abbas zülmlə, həqarətlə, ədalətsizlik və təzyiqlə barışan adamlardan deyil. “Gedir” rədifli şeirində yazır:

Əsil şair olan zülmə baş əyməz,
Ədalət yolunda baş qoyar, gedər.
Qorxmaz zülmkarın hədələrindən,
Sözünə zər qoyar, qaş qoyar, gedər.
Və yaxud
Məqamı çatanda haqq söz deməyə,
Kişidə rəşadət, hünər gərəkdi.
Yaltaq olub yaşamağa nə var ki,
Ər olanda məslək, kəsər gərəkdi.

Mir Abbas nadürüst, oğru, hiyləgər və kələkbaz adamları dünyamızın bəla və fəlakəti hesab edir, qələmini onlara qarşı süngüyə çevirir:

Həqiqət gözləmə oğru olandan,
Küy-kələk söyləyər sənə yalndan,
Adəm övladıyla dünya dolandan,
Kələkbaz kələkdən geridə qalmaz.

“Dağların həsrəti” kitabında diqqəti ən çox çəkən məqamlardan biri də, müəllifin yurda, ellərə və vətənə bağlılığıdır. Düşmənlərin torpağlarımıza vurduğu yaraları yana-yana təsvir edən Mir Abbas yazır:

Fələyin hökmüylə sovruldu varlar,
Tərlan yuvasını dağıtdı sarlar,
Aldı üstümüzü boranlar, qarlar,
Var-dövlət dağıldı, para qalmadı.

“Gedərmiş” rədifli qoşmada bu düşüncələr daha lakonik, daha cilalı və daha təsirli obrazlaşıb:

Çən tutar zirvəli uca dağları,
Gün vurar bostanda yaşıl tağları,
Nəfsi gülüstana dönən bağları,
Tufanlar, küləklər yolub gedərmiş.

Mir Abbas sinəsinə dağlar çəkən, köksünün altını oda qalayan dərdlərini ən çox Kəlbəcərdə qoyub gəldiyi “Qüdrətdən səngərli, qalalı dağlar” la beləcə bölüşür:

Əzəmət canlandı qəlbimdə yenə,
Xəyalən seyr etdim yenə dağları.
Sağalmaz yaramın qaysağı qopdu,
Çoxmu gördün fələk, mənə dağları?
Və yaxud da;
Dağ döşündə at qoruğu, çiçəkli,
Yuxarı Xan yurdu bərli-bəzəkli,
Sarı güney mənzərəli, mələkli,
Kim verərdi yada belə dağları?

Mir Abbas bu bəndin sonuncu sətrini əla deyib. Doğrudan da hansı elin ərənləri yada verərdi belə dağları? Çox təəssüflər ki, Kəlbəcərlilər də bu gün zamanın amansız sınaqlarında sıxılır və fəryad qoparırlar. Elə, onlardan biri də qürbətdə yaşayan Ağdabanlı Mir Abbasdır. O, “Dağların” rədifli qoşmasında bu harayı belə təsvir edir:

Mir Abbas, xaliqi çağır haraya,
Qiymət ver ağ ilə, zülmət qaraya,
Elim düçar olub yaman yaraya,
Qoyma yollarını çaşa dağların.

Kitabda oxucular üçün seçilən poeziya nümunələrinin içərisində çoxlu qoşmalar, divanilər, gəraylılar, bayatılar və digər janrlarda yazılmış şeirlər vardır. Mir Abbasın istiqaməti didaktika, klassik şeirimizin yollarınadır.
Məni kitabda ən çox duyğulandıran müəllifin “Kəlbəcər” poemasıdır. Elə düşünürəm ki, həmin poema Kəlbəcərin faciəli taleyi ilə bağlı bu günkü şeirimizdə ən təsirli yazılardan biridir.

O cənnət ki, yağılara qalıbdı,
Dik qayalar sükunətə dalıbdı,
Haylar yerin gör bir harda salıbdı?
Mənim dərdim Kəlbəcərin dərdidi.

Mir Abbas sinəsindən qopan harayı dağlarla, zirvələrlə, çaylarla, göllər və dərələrlə bölüşür, onları haraya səsləyir:

Tərtər çayı! Selə dön sən, köpür sən,
Sarqsyanı yer üzündən götür sən,
Sellər, sular! Sevinc, müjdə gətirsən,
Nə dərd olsa bil ki, gəldi-gedərdi,
Mənim dərdim Kəlbəcərin dərdidi.

Ey qayalar! Qılınca dön, itilən!
Yapınca at kürəyinə, ütülən,
Nə vaxt görüm o torpağdan itilən,
Düşmənimin üz-gözündə kədərdi?
Mənim dərdim Kəlbəcərin dərdidi.

Sevgili oxucular! Kitaba daxil edilən şeirlər barədə daha çox yazmaq mümkündür. Ancaq bir halda ki, kitab nəşrdən sonra Sizin xidmətinizdə və mütaliənizdə olacaqsa, demək əsas sözü Siz deyəcəksiniz.
Əlbəttə, Siz də mənim kimi, yazıların arasında güclü və zəif şeirlərə, nöqsan və çatışmazlıqlara rast gələcəksiniz. Bu təbiidir və bunlar zamanın və bir də Sizlərin düşüncəsinin ixtiyarındadır.
Mən Miskin Abdal nəslinin yetirməsi olan, qələm dostum Mir Abbas Ağdabanlıya hər zaman can sağlığı və sənət yollarında yaradıcılıq uğurları arzulayıram.

ƏŞRƏF HÜSEYNLİ
Tarix elmləri doktoru,
Beynəlxalq Yazıçılar və Publisistlər Assossasiyasının üzvü
 
© :